top of page
Azərbaycanda ilk dəfə Dağ Xizəyi üzrə Beynəlxalq Turnir keçirilir.

08.01.2026

Yanvarın 8-də Azərbaycan Qış İdman Növləri Federasiyasının və "Şahdağ Turizm Mərkəzi"nin birgə təşkilatçılığı ilə FİS təqviminə əsasən "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri start götürüb.

Sözügedən tədbirin açılış mərasimində Gənclər və idman naziri Fərid Qayıbov, Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev iştirak ediblər.

Turnirdə Azərbaycan, İsveçrə, Macarıstan, Sloveniya, Gürcüstan, Honkonq, Səudiyyə Ərəbistanı, Türkiyə, Nepal, Özbəkistan Respublikalarından müxtəlif yaş kateqoriyasında olan 20 qadın idmançı iştirak edir. Yarışda ölkəmizi Azərbaycanın dağ xizəkçisi Anastasiya Papatoma təmsil edir.

Turnirin ilk günündə idmançılar Dağ Xizəyinin Slalom növündə yarışaraq yüksək nəticə uğrunda mübarizə aparıblar.

Yarışın nəticəsinə uyğun olaraq Gürcüstanlı idmançı Nino Thklauri 1-ci yerə, isveçli atlet Nikita Anner 2-ci yerə, Özbəkistanlı xizəkçi Kseniya Brejnaya 3-cü yerə sahib olublar.

Turnir çərçivəsində Qış İdman Növləri Federasiyası ilə Beynəlxalq Xizək və Snoubord Federasiyası arasında əməkdaşlığa və gələcək layihələrə, o cümlədən qış idmanının Azərbaycanda tanıdılması və infrastrukturun yaradılması, idman tədbirlərinin keçirilməsi istiqamətində görülən işlərə dair brifinq təşkil olunub, medianı maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, turnir yanvarın 10-dək davam edəcək. Növbəti günlərdə idmançılar Slalom və Qiqant Slalom növlərində birincilik uğrunda mübarizə aparacaqlar.

Məlumat üçün bildirək ki, ötən ilin may ayında Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) ilə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi arasında qış turizmi və qış idman növlərinin inkişafı, eləcə də Azərbaycanın qış idman növləri üzrə nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi etməsi məqsədilə 5 il müddətinə tərəfdaşlıq müqaviləsi imzalanıb.

Müqavilə çərçivəsində qış turizmi infrastrukturunun təkmilləşdirilməsi, Azərbaycanın xarici turistlər üçün cəlbedici qış turizm destinasiyasına çevrilməsi və “Şahdağ Turizm Mərkəzi"ndə beynəlxalq xizək yarışlarının təşkili üzrə birgə əməkdaşlıq nəzərdə tutulur.

bottom of page