
06.05.2025
Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) ilə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi arasında qış turizmi və qış idman növləri üzrə potensialın inkişaf etdirilməsi, Azərbaycanın qış idman növləri üzrə nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi etməsi üçün tərəfdaşlıq haqqında müqavilə imzalanıb.
Müqavilədə qış turizmi sahəsində mövcud infrastrukturunun artırılması və təkmilləşdirilməsi, ölkəmizin xarici turistlər üçün qış turizmi üzrə cəlbedici məkana çevrilməsi, eləcə də, beynəlxalq xizək yarışlarının "Şahdağ Turizm Mərkəzi"ndə təşkili istiqamətində birgə əməkdaşlıq nəzərdə tutulur.
Beynəlxalq əməkdaşlıq çərcivəsində əsas məqsədlərdən biri Azərbaycanı qış idman növləri üzrə dünya səviyyəli peşəkar yarışların keçirildiyi destinasiya kimi tanıtmaq, həmçinin ölkəmizin turizm brendi və məhsulların beynəlxalq arenada genişmiqyaslı marketinq və tanıtım kampaniyasının aparılması təmin etməkdir.
Müqaviləyə əsasən Beynəlxalq Xizək və Snoubord Federasiyası tərəfindən təşkil olunan qlobal yarışlarda (dünya kubokları və çempionatlarda) Azərbaycan təşkilatın " Qlobal Destinasiya Tərəfdaşı" kimi çıxış edəcək.
Qeyd edək ki, növbəti qış mövsümündən başlayaraq "Şahdağ Turizm Mərkəzi"ndə Beynəlxalq Xizək və Snoubord Federasiyasının dünya miqyaslı yarışlarının təşkili planlaşdırılır.