
25.09.2025
Sentyabrn 24-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən "Beynəlxalq Konkisürmə Birliyinin (İSU) yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-Pri" yarışının rəsmi açılış mərasimi baş tutub.
Tədbirin açılış mərasimində çıxış edən Gənclər və İdman naziri Fərid Qayıbov Azərbaycanda ilk dəfə təşkil olunan "Yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-Pri" yarışının ölkəmiz üçün qış idman növlərinin inkişafında yeni mərhələ olduğunu bildirib. Nazir Prezident İlham Əliyevin idman sahəsinə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşdığını, dövlət tərəfindən ölkəmizdə müasir idman infrastrukturunun yaradıldığını, o cümlədən bu istiqamətdə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycanın idman ölkəsi kimi dünyada önəmli yer tutduğunu vurğulayıb. Fərid Qayıbov Qran-Pri yarışının Azərbaycanda keçirilməsinin təkcə fiqurlu konkisürmə üzrə deyil, ümumilikdə qış idman növlərinin inkişafı baxımından yeni imkanlar açdığını qeyd edib və idmançılara uğurlar arzulayıb.
"Yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-Pri" yarışının Azərbaycan kimi dinamik inkişaf edən ölkədən keçirilməsindən məmnunluğunu bildirən Beynəlxalq Konkisürmə Birliyinin prezidenti Co Yul Kim Azərbaycanın müasir idman infrastrukturu, təşkilatçılıq təcrübəsi və gənclərə verdiyi dəstək sayəsində beynəxalq idman ailəsinin etibarlı tərəfdaşına çevrildiyini deyib. O, Qran-Pri yarışının ölkədə fiqurlu konkisürmənin tanıdılmasına, müxtəlik ölkələr arasında idman əlaqələrinin möhkəmlənməsinə və gələcəkdə daha böyük beynəxalq yarışların Azərbaycanda keçirilməsinə zəmin yaradacağına diqqət çatdırıb.
Qeyd edək ki, Dövlət Turizm Agentliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Qış İdaman Növləri Federasiyası və Beynəlxalq Konkisürmə Birliyinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə keçirilən Qran-Pri yarışı 3 gün davam edəcəkdir. Yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-Pri yarışında 38 ölkədən 92 idmançı iştirak edəcəkdir. Qran-Prinin ilk günündə kişilər və qadınlar qısa proqram üzrə çıxış edəcəklər.
