
04.03.2024
Qış İdman Növləri Federasiyasının və "Şahdağ Turizm Mərkəzi"nin birgə təşkilatçılığı ilə Azərbaycanın Xizəkçi Jurnalistləri Klubu yaradılıb.
Klubun yaradılmasının əsas məqsədi xizək sürmək bacarığı olan yerli media nümayəndələrini klub ətrafında bir araya toplamaq, onların peşəkar xizəkçi kimi formalaşmasına dəstək göstərmək, o cümlədən "Beynəlxalq Jurnalistlərin Xizək Klubu"nun (Ski Club of İnternational Journalists) hər il müxtəlif ölkələrdə media nümayəndələri arasında təşkil etdiyi yarışlara qatılmaq və Azərbaycanı təmsil etməkdir.
Tədbir çərçivəsində "Azərbaycanın Xizəkçi Jurnalistləri Klubu" tərəfindən təməli 1955-ci ildə qoyulan və dünyanın 31 ölkəsinin 1000-dən artıq jurnalistlərinin üzv olduğu "Beynəlxalq Jurnalistlərin Xizək Klubu"na üzvlüklə bağlı müraciəti ünvanlanıb.
Martın 10-na kimi davam edəcək idman tədbirində iştirakçılar Qazaxıstanın Şimbulak Dağ Kurortu ilə yaxından tanış olacaq, "Beynəlxalq Jurnalistlərin Xizək Klubu"nun təşkil etdiyi xizək yarışının müxtəlif dissiplinlərində birincilik uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, yeni yaradılan "Azərbaycan Xizəkçi Jurnalistlər Klubu"nun ölkənin bir sıra kütləvi informasiya vasitələrinin nümayəndələrindən seçilən 6 üzvü var.Klub üzvlərinin təlimləri "Şahdağ Turizm Mərkəzi"ndə həyata keçirilir.